Mədəniyyət
Mədəniyyət — insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlər.
"Mədəniyyət" anlayışının latın dilindən tərcüməsi "julture" — "becərmək", "bəsləmək", "yaxşılaşdırmaq" deməkdir. Bu sözün ilkin mənası — torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların fəaliyyət dairəsi genişləndi və "mədəniyyət" sözü daha geniş bir məna daşımağa başladı: maarifçilik, savad, tərbiyə.
Mədəniyyət sözü, həmçinin, ərəbcə "Mədinə" sözündədir və mənası "şəhərsalma" anlamına gəlir.
Məşhur rus dilşünası Vladimir Dal özünün "İzahatlı lüğət"ində yazır: "Mədəniyyət — işlədilmə, becərmə, üzərində çalışmadır, bu əqli və əxlaqi savaddır".
Mədəniyyət fenomenini təhlil edən F.Hegel ona "insan tərəfindən yaradılmış ikinci təbiə" adını vermişdir. Mədəniyyət — təbiət tərəfindən bizə bəxş edilmiş sərvətdir, insanlar tərəfindən yaradılmış və toplanılmış maddi və mədəni dəyərləri, bizi əhatə edən təbiəti qiymətləndirmək üçün bizə verilmiş şansdır.
Mədəniyyət — hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda, buraya insan tərəfindən yaradılmış sərvətlər (o cümlədən maddi sərvətlər) də daxildir.